Subscribe Us

header ads

Novruz'da

NOVRUZDA

Yanar el-obada bayram şamları,
Gülər qız-gəlinin üzü Novruzda.
Qumaşa bürünər el axşamları,
Keçməz tonqalların gözü Novruzda.

Al-əlvan geyinər gəlinlər, qızlar,
Göydə çıraq tutar min-min ulduzlar,
«Cəngi»nin üstündə köklənər sazlar,
Aşığın tükənməz sözü Novruzda.



Xalçalar sərilər, el yallı gedər,
Yurd igidlərinin eşq bağrın didər,
Qızlar çərşənbədə qapılar güdər,
Həyadan al olar üzü Novruzda.

Səməni göyərər bir həftə qabaq,
Şəkərbura, qoğal hey dolar tabaq,
Beləcə olubdu min il də qabaq,
Dəyişməz donunu düzü Novruz da.

Qapılar pusular, torba atılar,
Hər qapı ağzında tonqal çatılar,
Pusquda gizlənən igid «satılar»,
Gülüşlər dolanar düzü Novruzda.

Elin ağsaqqalı çəkilər başa,
Nişanlı axtarar bacı qardaşa,
Hər ocaq yer verər pilova, aşa,
Artar bərəkəti, duzu Novruzda.

Səməni halvası xonçalar gəzər,
Hər adambaşına şam süfrə bəzər,
Nişanlı qızları bir həsrət üzər...
Boylanar eyvandan gözü Novruzda.

Şadiman, əsrlər çox gəlib keçər,
Zaman əlimizdən illəri biçər,
Müqəddəs adətdən el necə keçər?
Qarşılar hər bahar bizi Novruz da.

05.03.1989
Şirinxanım Kərimbəyli Şadiman

Yorum Gönder

0 Yorumlar