Səndən Başlar Gözəl Vətən, Allahıma İbadətim

SƏNDƏN BAŞLAR, GÖZƏL VƏTƏN,  ALLAHIMA İBADƏTİM

Azərbaycan – dərdi böyük, şəhidlərin yurdu diyar,
Hışqırığın boğazında kilidlənib ürək oyar,
Yadellilər azğınlaşıb əleyhinə imza qoyar,
Sərvətini talayanlar, hər nəyin var satar, soyar,
Yığdığını gizlədənlər yığdığından nə vaxt doyar?…
Varlığına qənimlərin gül hüsnünə haçan uyar?
Səndən başlar, gözəl Vətən, Allahıma ibadətim,
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

İçindəki göz yaşını boğub, susub dayanmısan,
Fitnələrdən, fəsadlardan al qanına boyanmısan,
Qollarında qandalların ya yatıb, ya oyanmısan,
Alışmısan ocaq üstə atəşlərə çox yanmısan,
Ağızımın dadı, Vətən, təbim, ruhum, bərəkətim,
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Sən səadət arayarkən səadətin öldü getdi,
Düşmən gəldi torpağını tikə-tikə böldü getdi,
Xainlərin, bədxahların hey üzünə güldü getdi,
Atəşini sovurdular, ocaqların küldü, getdi,
İzlərində, cığırında niyə donub hərəkətim?
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Sənə canı qurban dedim, qurbanını götür apar,
Atıl savaş meydanına titrət ərzi, tufan qopar,
Əliqanlı cəlladların içdə, çöldə bağrı çapar,
Ürəyim od tutub yanar, dərdlərinə misra yapar,
Harda itib, harda batıb milli hissə nəzəkətim?!
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Düşmən çapır yurd-yuvanı övladların susur durur,
Döşənibmi ayaqlara bəy babama layiq qürur?
Cəlladlarin Qarabağda ağac çapır, yuva qurur,
Öz ağlımız içimizin atəşini suya vurur,
Dodaqlarım kilidlənib cövlan edir sükunətim,
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Cavidimin, Cavadımın, Mümtazımın ahı səndə,
Məmməd Əmin amalını batırdınmı duman, çəndə?
Övladının gəzdirdiyi ürəkmi, ya daşmı təndə?
Ölülərin dirilərə ağı deyir bu Vətəndə!!!…
İqtidarım-müxalifim susub öndə fəlakətim…
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Al canımı birdəfəlik canım sənə fəda olsun,
Başın üstə bu sonuncu itgi olsun, qada olsun,
Dikəlt əyilən qədüvü, dur savaşa səda olsun,
Ayağının altın qazan övladların gəda olsun,
Düşməninə, satqınına bu mərtəbən əda olsun,
Xain çıxsam, quşlarının yemi olsun təndə ətim!…
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Səndən əziz kimim var ki, de cahanda ulu yurdum?
Ürəyinin atəşindən bu könlümə ocaq qurdum,
İçimdəki qorxuları kötüklədim, boynun vurdum,
Alacaqmı işğalçıdan torpağımı Milli Ordum?
Bu məramla mən yuxuda gecə-gözlü şəri yordum,
Səndən başlar Qanunuma, Kitabıma, ibadətim,
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Qarabağın qıfılına düşməyirmi heç bir açar?
Şəhidimi məzarının goru çatlar, yerim qaçar,
Bədənimin əti gedər, vücudumdan dərim qaçar,
Eyləmişik özümüzü qul fikirli qəmə düçar,
Əri olan bu ölkənin yurdu qalmaz düzdə naçar…
Boğulubmu kişi həddim, ər dözümüm, dağ cürətim?
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Bizi tarix dolaylarda min bir yerə çapdı keçdi,
Sinəmizin aynasına qara çirkab yapdı keçdi,
İtdişlilər ağzımızdan sözümüzü qapdı keçdi,
Övladların ocağını kül eylədi, sapdı keçdi,
İçimizdən xain çıxdı oldu xara qul heyrətim,
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Dağlar başı duman olar, yel dumanı qovar gedər,
Sel coşanda bənd-bərəni, çal-çəpəri ovar gedər,
Gözdən axan qan-yaşlarım yanan könlü suvar gedər,
Sinəmizdən qorxuları gurşadların yuvar gedər,
İçimdəki sərsəmlərə usyan edər can qeyrətim,
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Nədir belə qoruyuruq canımızı tən altında?
Kürsülərə aşiq olduq hiss boğuldu mən altında,
Ağlımızı ovxalayır iradəmiz çən altında,
Sərçələrin sürüləşib, qartalların dən altında…
Öz gözümün güzgüsündən gözəl görünür surətim,
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Kərkükümə, Təbrizimə, Dərbəndimə ağı Vətən!
Övladların bəzən oldu yurd-yuvana yağı, Vətən!
Getməz qeyrət hissi olan sinədən el dağı, Vətən!
Vuruşmasaq, döyüşməsək, bitməz işğal çağı, Vətən!
Dur ayağa çalxat yeri, qopart göydən tağı, Vətən!
Kəs Xətayi qılıncınla əllərindən bağı, Vətən!
Ürəyimdə yaram sızlar, təbib bulmaz bir illətim,
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Şadimanın bağrı partlar dözməz sənin möhnətüvə,
Qarabağın əldən gedib düşmən gülür möhlətüvə,
Dodaqların dilin tutub, mat qalmışam millətüvə,
Pardaqlanır yağlananlar, fərman verir zillətüvə,
Qolun harda qopub düşüb, nə olubdu qüvvətüvə?
Tanrı özü təkan versin donub qalan sürətüvə,
Haçan qalxar ayaqlardan ucalığa ləyaqətim?!
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.
Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.
03.05.2003
Şirinxanım Kərimbəyli Şadiman

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s